Xan

Xan — ağa, hökmdar, el başçısı deməkdir. Orta əsrlərdə Şərq ölkələrinin bir çoxunda feodal hakimlərin titulu olmuşdur.

Azərbaycanda Xan adı başlıca olaraq oğlan uşaqlarına verilməklə yanaşı, başqa sözlərlə birləşərək çox sayda yeni adlar da yaradılmışdır: örnək olaraq Xankişi, Xanoğlan, Xanlar, Alxan (Alıxan), Ataxan, Ayxan, Balaxan, Elxan, Qaraxan, Orduxan, Orxan, Sərxan (Sarxan), Uluxan və başqa oğlan adlarını göstərmək olar.

Eyni zamanda xan sözündən Xanım qız adı düzəlmiş və xanım sözü də başqa sözlərlə birləşərək yeni qız adları yaradılmışdır.

Xan adlı tanınmışlar

Fətəli Xan Xoyski

Fətəli Xan Xoyski
Fətəli Xan Xoyski

Azərbaycan Xalq Cumhuriyyətinin (1918-1920) qurucularından və əsas simalarindan biri (müxtəlif dövrlərdə Baş nazir, Daxili və Xarici işlər naziri, Ədliyyə naziri, Hərbiyyə naziri) olmuş Fəthəli Xan Xoyski İsgəndər oğlu 1875-ci ildə Şəkidə anadan olub.

Xoy xanı olan ulu babası Cəfərqulu Xan İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. Sonradan rus çarı tərəfindən Şəki xanı təyin edilmişdi.

Sovet hakimiyyəti qurulduqdan sonra Fətəli Xan Xoyski Tiflisə köçdü. 19 iyun 1920-ci il tarixində “Daşnaksütun” partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan Tiflisdəki İrəvan meydanında Fətəli Xan Xoyskiyə arxadan atəş açaraq öldürürlər. İndiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbirstanlığında dəfn edilmişdir.

Xan Şuşinski

Xan Şuşinski
Xan Şuşinski

İsfəndiyar Cavanşirov — Azərbaycanın xalq artisti, “Şərəf nişanı” ordeni ilə təltif olunmuş geniş diapazonlu, gur və məlahətli səsli xanəndə, bir çox mahnıların müəllifi, Azərbaycan musiqisi tarixində ilk duet ifaçısıdır. O, 1901-ci il avqustun 20-də Şuşada anadan olub. Böyük sənətkar, Şuşanın bünövrəsini qoyan Cavanşir sülaləsindən olan Aslan bəyin ailəsində dünyaya göz açıb. Ancaq sovet hakimiyyəti qurulduqdan sonra, Şuşanın Ballıca kəndində mülkü və dörd kəndi olan Aslan bəyin bütün var-dövləti müsadirə edilir. Bu hadisədən sonra Aslan bəy Bərdəyə köçür. Aslan ağa özü də az-çox musiqiyə bağlı adam olub – tar çalıb, məclislər təşkil edib və oğlunu ustad xanəndələrdən Keçəçi Məhəmmədin, Cabbar Qaryağdının, İslam Abdullayevin, Seyid Şuşinskinin və başqalarının mühitində böyüdüb. Xan Şuşinski mollaxanada təhsil alıb, ərəb əlifbasıyla yazıb-oxumağı bacarıb. Farsca da bilib.

Xan Şuşinski adı ona 12-13 yaşlarında məclislərin birində verilib. “Xan” ləqəbinin tarixçəsi belə olub: Xan əminin ustadı İslam Abdullayev idi və bir gün Novruzlu kəndindəki məclislərdən birinə öz şagirdi İsfəndiyarı da aparır. Məclis hələ başlamamış, İslam Abdullayevin arzusu ilə ev sahibi qrammofonu qurur. Təbrizli Əbülhəsən Xanın ifasında “Kürd Şahnazı”nı dinləyirlər. Hamının heyranlıqla dinlədiyi bu ifadan sonra Segah İslam heç kimin gözləmədiyi halda üzünü tutur İsfəndiyara: “Bəlkə sən də bizim üçün “Kürd Şahnazı” oxuyasan?”- deyir. İsfəndiyar İslam Abdullayevin sözünü yerə salmır və məclis əhli ikinci dəfə “Kürd Şahnazı” dinləməli olur. “Kürd Şahnazı”nı zilə çəkən İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, “əsl xan elə bu imiş ki!”, – deyir. Vəcdə gələn İslam Abdullayev isə, ustad xeyir-duasını verir: “Bu gündən sənin adın oldu Xan Şuşinski”- deyir.

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir