Xaspolad

Xaspolad — xaspolad sözlərinin birləşməsindən düzəlmişdir. Əski türk dilində xas sözünün əsil, özəl, seçilmiş, saf kimi anlamları var. Bir sıra mənbələrə görə, xas türk dillərində başçı mənasını verir. Polad isə dəmir ərintisi ilə karbondan yaranmış gümüşü-boz metaldır. Polad güclü, yenilməz, sarsılmaz mənalarında işlədilir. Bu ad Azərbaycanda başlıca olaraq oğlan uşaqlarına verilir.

Xaspolad adlı tanınmışlar

Aşıq Xaspolad Gülablı (Coşqun)

Aşıq Xaspolad Salman oğlu Mirzəyev (Mirzalıyev) 21 mart 1919-cu ildə Ağdam rayonunun Abdal kəndində anadan olmuşdur. Aşıq Valehin nəslindəndir (kötükcəsidir). İbtidai təhsilini Abdal, orta təhsilini isə Gülablı kəndində almışdır. 1939-cu ildə hərbi xidmətə yollanmış, Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Müharibədən sonra bir müddət kənd məktəbində hərbi rəhbər işləmiş, 1962-ci ildən ömrünün sonunadək Gülablı kənd mədəniyyət evinin rəhbəri olmuşdur. 3 iyul, 2000-cı ildə Ağdam rayonunun Xındırıstan kəndində vəfat etmişdir.

Aşıqlığa gənc yaşlarından başlamışdır. İfaçılığı ilk dəfə əmisi aşıq Mustafadan və əmisi oğlu Yunusdan öyrənmişdir. Uzun illər yazıb yaratmış, çalıb-çağırmış, el-oba içində öz gözəl sənəti ilə hörmət-izzət sahibi olmuşdur. 1958-ci ildən Azərbaycan Xalq Yaradıcılığı Evinin, sonradan yaradılmış Azərbaycan Aşıqlar Birliyinin üzvü, III və IV aşıqlar qurultaylarının nümayəndəsi, çoxsaylı müsabiqə və festifalların laureatı olmuşdur. Bir çox ifaları Nizami adına səsyazma institutunda və dövlət telviziyasında lentə alınmışdır. Kənd mədəniyyət evinin rəhbəri olarkən “Aşıqlar”, “Zurnaçılar” və “Nənə qızlar” ansambllarını yaratmışdır.

8 (başqa məlumata görə 11) dastanın (“Səməd və Zeynəb”, Valeh və Taleh”, “Taleh və Həqiqət”, “Mahir və Həsrət”, “Bəxtiyar və Lətafət”, “İqbal və İsmət”, “Nazim və Səkinə”, Səxavət və Səadət”), çoxsaylı qoşma, gəraylı, təcnis, qəzəl, divani, müxəmməs və b. şeirlərin müəllifidir. Bir çox aşıq və şairlərlə deyişmələri var. Abdal-Gülablı aşıqlarının, özəlliklə Aşıq Valehin həyat və yaradıcılığının toplanması ilə məşğul olmuşdur. 1970-ci ildə Famil Mehdi ilə birlikdə Aşıq Valehin şeirlərinin toplandığı “Alçaqlı ucalı dağlar” kitabını tərtib etmişdir. Topladığı materialların bir hissəsi “Qarabağ: Folklor da bir tarixdir” folklor toplusunuin 5-ci cildinə (2013) və Aşıq Valeh haqqında yazılmış “Haqq aşığı – Vücudnamədən Cahannaməyə” kitabına (2014) salınmışdır.

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir