Yeni doğulacaq uşağa adı kim verməlidir?

Dədə Qorqud

Ailənin yeni doğulacaq uşağına adı kim verməlidir? Heç düşünmədən demək olar ki, ailə başçısı. İslam dini baxımından da ailənin başçısı kimi, uşağa ad qoymaq vəzifəsi atanın üzərinə düşür. Ancaq uşağın dünyaya gəlməsində əsas çətinlikləri ananın çəkdiyinə görə, onunla məsləhətləşmək gərəkir. Ortaq həyatın bütün sahələri kimi adqoyduda da ata-ananın razılığa gəlməsi lazımdır.

İslama görə, yeni doğulan uşağa ad qoyarkən sağ qulağına azan, sol qulağına da iqamə oxumaq lazımdır. Əbu Rafi söyləyir ki, Hz.Fatimənin oğlu Həsən dünyaya gələndə Rəsulullah onun qulağına azan və İxlas surəsini oxudu, xurma ilə təhnik elədi, sonra da adını qoydu. Hz.Aişə bildirir ki, yeni dünyaya gələn uşaqları Peyğəmbərimizin yanına gətirərdilər. O, da həmin uşaqlar üçün dua edərdi.

İslamda uşağa ad qoymaq haqqı atadadır. Ata öldüyü, ya da həyat yoldaşından ayrıldığı halda bu haqq anaya keçir. Doğumundan öncə atası ölən Peyğəmbərimizin adı da anası Əminə tərəfindən Muhamməd olaraq seçilmiş, babası Əbdülmüttəlib də bu adı qoymuşdur. Rəsulullah bir hədisində belə buyurmuşdur: “Siz qiyamət günündə adlarınızla və atalarınızın adları ilə çağırılacaqsınız. Buna görə də gözəl adlar qoyun!”

Oğuz xalqlarında bir sıra adətlərlə yanaşı “adqoyma” mərasimi də vardı. “Kitabi Dədə Qorqud” dastanında ad qoyan el ağsaqqalı kimi tanınmış Dədə Qorquddur. Dastanda adlar adətən gəncin göstərdiyi hünər ilə bağlı olur. Bu o deməkdir ki, uşaq doğulduğu an ona ad qoyulmur. Yalnız insiasiya mərhələsindən sonra ona ad verilir. Bunu “Dədə Qorqud” dastanının birinci, üçüncü və səkkizinci boylarında görmək olar. Məsələn, Buğac, Basat və başqaları hünərləri ilə ad qazananlardır.

Hindistanda hələ də davam edən adət-ənənəyə uyğun olaraq ölkədə doğulan hər yeni körpə üçün astroloq-kahin-münəccim çağırılır. O, müqəddəs kitabların köməyi ilə uşağa ən uğurlu adı seçir. Adqoyma mərasimində özəl mərasim keçirilir. Tanrıya səcdə edərək körpəni od ətrafında dolandırır, oda qansız qurbanlar (meyvə-tərəvəz, paxlalılar, ağartı məhsulları) verilir, Tanrıdan onun adının uğurlu olmasını diləyirlər. Çünki ad insan həyatının demək olar ki, yol nişanıdır.

İstənilən halda, bütün zamanlarda və hər bir mədəniyyətdə yeni doğulmuş uşağa adı elin ən çox bilikli insanı, ağsaqqalı, ya da evin böyüyü qoyur. Burdan aydın olur ki, ad qoymaq bilik istəyir, düşündüyümüz qədər də asan iş deyil.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53-cü maddəsində də bildirilir ki, “Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir…”.

«

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir