Adqoydu nədir? Uşaqlar üçün hansı adlar yaxşıdır?

Adqoydu.az - Azərbaycan Türk adları və adların mənası

Türklərin ortaq kitabı olan “Dədə Qorqud” dastanından da bildiyimiz kimi, keçmişdə insan adını özü qazanardı. Yeniyetməlik yaşına çatmış oğlan və qızların bacarıqlarına görə ağsaqqallar onlara uyğun ad verərdi. Ancaq indi belə ola bilməz.

İllər ötdükcə bir çox adətlər kimi bu da unudulub, ancaq verilən adın anlamlı olması hər zaman önəmli olaraq qalır. Kimisi soyunun davamçısına öz ata-anasının adını verir, kimisi isə süzgəcindən keçirdiyi qohumlardan birinin adını qoymağa çalışır.

Hər kəs uğurlu seçim edirmi? Bu yaxşı addır demək kimin baxış bucağından baxdıqda doğru olmalıdır? Gözəl ad necə olmalıdır: yazılışı gözəl görünməlidir, yoxsa qulağa xoş gəlməlidir? Yazılışı asan olmalıdır, yoxsa deyildikdə tez anlaşılmalıdır?

Uşağa ad qoyarkən çox sayda suallar yaranır: Ad üçün önəmli olan nədir? Ad uşağın hansı soydan gəldiyini, kimin uşağı olduğunu bildirməlidir, yoxsa böyüdükdə hansı inanca qulluq etdiyini? Gəl ki, uşağın böyüdükdən sonra hansı dinə inanacağı da sual altında ola bilər.

Bəlkə uşağın öz kimliyinə uyğun olaraq onun öz şəxsi bacarıqlarını ifadə etməlidir? Maraqlıdır, uşağın ata-anası onun hansı bacarıqlarının, hansı xasiyyətdə, necə bir insan olacağını öncədən necə görə bilər?!

Qısa adlar yaxşıdır, yoxsa tərkibində ə, ü, ı, ş, ç, ğ, ö kimi İngilis dili əlifbasında olmayan hərflərin işlənmədiyi adlar? Hələ adın başqa dillərdə necə oxunmasını, necə səslənməsini və çox pis mənalarının olub-olmadığını da bilmək yerinə düşər.

Adqoydu.az saytı bu sualların ətrafinda düşünərək Sizlər – gələcəyin ata-anaları, ya da baba və nənələri üçün çıxış yollarını axtarmaqdadır. İlk olaraq öz – Azərbaycan türk adlarının ən yaxşılarını seçərək əlifba sırası ilə düzdük. Dünyaya yeni gələcək uşağınız üçün ad axtarırsızsa, buyurun, sizin üçün seçdiyimiz adlara göz atın.

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir