Öncəki bloq yazımızda Türkiyədə bir çox insanın irq anlayışını millət, etnik mənsubiyyət və xalq anlayışları ilə qarışıq saldığından yazdıq, danışdıq. Burada “Türk ırkı var olsun!” deyənlərin antropoloji Turan irqindən deyil, Türk kimliyindən danışdığı anlaşılır. Onların səsləndirdiyi Türk sözü irq anlayışı deyil, Türk milləti, Türk etnosu ya da Türk xalqına xitab edir.
Bəs nə üçün Türkiyədə belə yanlışlıqla tez-tez qarşılaşmaq olur? Səbəb Türkiyədə Türk və Türk milləti deyərkən Türkiyə vətəndaşları anlaşılmasıdır. Bütün Türkdilli xalqlara xitab etmək üçün Türk irqi deyirlər. Yoxsa əlbəttə ki, onların göygözlü sarışın (Avropoid), ya da qıyıqgözlü enli sifət (Monqoloid) Türkləri də bura qatdıqları açıq-aydındır.
Ancaq sonra dedik ki, Türk irqi ümumiyyətlə yoxdur. Beləliklə qarışıqlıq yaranır ki, bu yazımızda buna aydınlıq gətirəcəyik: bəs Mərkəzi Asiyanın, Altayların minillik antropoloji irsi nə olacaq? Mövzunun yalnız sosioloji deyil, fiziki antropologiya, DNT və Avropamərkəzçi (Eurocentric) elm tarixi tərəfini də açmaq tam zərurətə çevrildi.
O ki qaldı Türk irqi yoxdur deməyimizə, bu həm doğrudur, həm də bir az yanlışdır və buna da toxunacağıq. Türkiyəli Prof. Celal Şengörün Türk/Turanoid irqini çox gözəl anlatdığı çıxışlarından da anlaşıldığı kimi, bu irqin mənsubları atlı-köçəri həyat tərzi sürən, brakisefal kəllə quruluşuna sahib və geniş Avrasiya coğrafiyasına yayılan müstəqil bir antropoloji tip idilər.
Avropamərkəzçi Elmin Gizlətdiyi Mərkəz: Turanid Həqiqəti
Celal Şengörün də vurğuladığı bu antropoloji tip tarix boyu Avropa antropologiyası tərəfindən bilərəkdən gizlədildi, ya da ən yaxşı halda özləri də bilmədilər. XIX əsrdə dünyanı idarə edən Avropa alimləri insanlığı sadəcə üç kəskin qutuya böldülər: Avropoid (Ağ), Monqoloid (Sarı) və Neqroid (Qara).
Ancaq bu təsnifatda böyük bir ideoloji korluq var idi: Mərkəzi Asiyada, Altaylarda min illər boyu mövcud olmuş, özünə xas kəllə quruluşuna (brakisefal), burun anatomiyasına və üz cizgilərinə sahib olan Turanid (Turan) antropoloji tipi bu üç qutunun heç birinə tam sığmırdı.
Avropamərkəzçi (Eurocentric) elm anlayışı Hunlardan Osmanlıya qədər Avropanı titrədən Türklərin müstəqil bir antropoloji mərkəz olduğunu etiraf etmək istəmirdi. Onlar Turanid tipini müstəqil saymaq əvəzinə, “Siz müstəqil deyilsiniz, Avropoidlə Monqoloidin sonradan qarışmasından yaranmısınız” tezisini uydurdular.
20 Min İllik Sübut: Qızıldərililər və Altay Kökləri
Bu Avropamərkəzçi yalanı darmadağın edən ən böyük fakt məhz Qızıldərililər (Yerli Amerikalılar) oldu. Təxminən 15.000-20.000 il əvvəl Altay-Sibir regionundan Amerikaya köçən Qızıldərililərin fiziki cizgilərinə baxın. Onlar klassik Şərqi Asiya (Çin/Koreya) monqoloidlərinə bənzəmir. Onların hündür və qartalvari burunları, enli kəllələri və çıxıntılı üz sümükləri Mərkəzi Asiyanın qədim Turanid antropoloji qatı ilə eynidir.
Bu fakt sübut edir ki:
- 20 min il əvvəl — nə müasir Avropoid, nə də müasir Şərqi Asiya tipləri Mərkəzi Asiyada yox ikən — Altaylarda bu antropoloji tip artıq var idi.
- Deməli, Türk/Turan/Turanid tipi iki irqin sonradan qarışması deyil, müstəqil və qədim bir Avrasiya antropoloji mərkəzidir.
Ancaq Avropa elmi eyni ideoloji yanaşma ilə Qızıldərililəri də müstəqil bir tip kimi tanımaqdan imtina edir və onları da “Monqoloid” qutusuna salırdı.
Bəlkə də mövzudan bir az uzaqlaşırıq, ancaq Türklərlə Qızıldərililər arasındakı bağ təkcə fiziki antropoloji quruluşla bitmir; onların mənəvi dünyasında və adət-ənənələrində də heyrətamiz oxşarlıqlar vardır. Hər iki xalqın qədim köklərində əsas yer tutan şamanizm (təbiət ruhlarına, ulu əcdadların ruhuna inam və kam/şaman vasitəçiliyi) eyni ruhani coğrafiyanın məhsuludur.
Eyni zamanda, uşağa ad qoyarkən təbiət hadisələrindən, heyvan adlarından, ya da öz şəxsi igidliklərdən örnək almaq, adın insanın gələcəyini dəyişdiyinə inanmaq həm Altay-Türk, həm də Yerli Amerika (Qızıldərili) mədəniyyətinin ortaq ənənəsidir. Bu mənəvi körpü iki ayrı qitənin eyni ilkin mədəniyyət beşiyindən qidalandığını göstərir.
Müasir Genetika və İrq Anlayışının Sonu
XIX əsrdə və XX əsrin əvvəllərində Avropada insanları üstün və alt qruplara bölmək üçün irq anlayışı yaradıldı. Bu “Elmi irqçilik” (scientific racism) elmi adı ilə yayıldı. Avropalılar beləliklə kolonializm (müstəmləkəçilik) dövründə başqa qitələri və xalqları işğal etmək, sərvətlərini talan etmək və qul etmək üçün özlərinə “elmi bəraət” qazanmağa çalışırdılar.
Bunun üçün Qobino kimi alimlər irq nəzəriyyələri uydurdular: guya ağ irq “təbii olaraq” üstün, lider və ağıllıdır, qalan irqlər isə “aşağı” səviyyədədir və idarə olunmalıdırlar. Yəni “irq” anlayışı laboratoriyada təmiz elm olsun deyə deyil, siyasi üstünlük, irqçilik və qul saxlamaq üçün bir silah kimi istifadə edildi.
XX əsrin sonlarında Müasir DNT və Genetika elmi səhnəyə çıxdı. Müasir genetika Avropanın uydurduğu bu “3 irq” sistemini bütövlüklə ləğv etdi.
UNESCO və Beynəlxalq Genetika Assosiasiyaları sübut etdilər ki:
- Bioloji mənada “İrq” (Race) deyilən bir anlayış ümumiyyətlə yoxdur.
- İnsan genetikası kəskin sərhədlərlə qutulara bölünmür; o, fasiləsiz bir keçid spektridir (cline).
- Elm artıq “irq” terminini ləğv edərək “Genetik populyasiya” və “Etnos” anlayışlarından istifadə edir.
Genetika sübut etdi ki, insanlar arasında qan təmizliyi və ya kəskin sərhədlərlə bölünmüş “irq” qutuları yoxdur. Genetik olaraq bütün insanlar bir-birinə qarışmışdır.
Nəticə: İrqə Sığmayan Nəhəng Sivilizasiya
- Klassik antropologiya ilə baxsaq: Altay-Sibir regionu başqa irqlərin qarışığı deyil, müstəqil Turanid antropoloji tipinin və sivilizasiyasının beşiyidir. Celal Şengörün vurğuladığı həqiqət budur.
- Müasir genetika ilə baxsaq: Dünyada ümumiyyətlə bioloji irq yoxdur, genetik populyasiyalar və mədəniyyətlər var.
Hər iki halda nəticə eyni yerə çıxır: Türklük dar bir bioloji irq qutusuna sığmır.
Türklər tarixdə həm Altayların qədim antropoloji irsini daşıyan, həm də köç etdikləri coğrafiyalarda müxtəlif xalqları öz dövlətçilik, dil və mədəniyyət çətiri altında birləşdirən nəhəng bir Dünya Sivilizasiyasıdır!

Bir cavab yazın