Gültəkin

Gültəkin — Gül və təkin sözlərinin birləşməsindən düzəlmişdir. Əski türk dillərində təkin – şahzadə deməkdir. Gültəkin gözəl şahzadə anlamını verir. Azərbaycanda başlıca olaraq qız uşaqlarına verilən addır.

Gültəkin adlı tanınmışlar

Gültəkin Əsgərova

Gültəkin Əsgərova
Gültəkin Əsgərova

Gültəkin Məlik qızı Əsgərova 20 noyabr 1960-cı ildə Bakı şəhərində anadan olub. O, 1978-ci ildə Nərimanov rayonundakı 200 saylı orta məktəbi bitirib. Gültəkin Əsgərova 1983-1989-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Təhsil aldığı müddətdə o, Daxili İşlər Nazirliyinin Hərbi hospitalında öncə kiçik, sonra isə böyük tibb bacısı kimi çalışıb. Daha sonra o, Uroloji xəstəxanada anestezioloq-reanimatoloq vəzifəsində işləyib.

Gültəkin Əsgərova Birinci Qarabağ müharibəsi zamanı, 4 aprel 1992-ci ildə könüllü şəkildə cəbhəyə yollanıb. O, Turşsuda, sonra isə Şuşada bir çox yaralı əsgərə tibbi yardım göstərib. 8 may 1992-ci ildə Şuşa işğal edildikdən sonra Gültəkin Əsgərova Laçının və Qubadlının müdafiəsində iştirak edib.

Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılır. Buraya yaralı hərbçilər gətirməliydi ki, o da əsgərləri müalicə etsin. Ancaq atəş səslərinin gücləndiyini eşidən Gültəkin dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxır. Aranzəmin yüksəkliyi uğurunda gedən ağır döyüşdə 1992-ci il 19 iyul saat 15:00-də şəhid olur. O, Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

Gültəkin Əsgərova ailəli idi və Əminə adlı bir qızı yadigar qalıb. Şəhid 20 iyun 1993-cü ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda 200 nömrəli tam orta məktəb onun adını daşıyır. Əsgərovanın Bakı şəhərinin Nərimanov rayonunda büstü qoyulub, Xəzərdə üzən gəmilərdən biri onun adını daşıyır və gəmidə qəhrəmanımızın muzeyi yaradılıb.

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir