Canpolad — Can və polad sözlərinin birləşməsindən düzəlmişdir. Azərbaycan dilində can sözünün ürək, həyat, ruh və başqa bir neçə mənaları vardır. Polad isə dəmir ərintisi ilə karbondan yaranmış gümüşü-boz metaldır. Polad güclü, yenilməz, sarsılmaz anlamını verir.
Canpolad adlı tanınmışlar
Canpolad Yaqub oğlu Rzayev (26 fevral 1968, Ağdam-26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Canpolad Qarabağ müharibəsi dövründə Ağdamda yaradılmış könüllü özünümüdafiə dəstələrindən “Qarabağ şahinləri” batalyonunun rəhbəri, “Qatır Məmməd” ləqəbli Rzayev Yaqubun oğludur. O, 1968-ci il 26 fevral Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olmuşdur. Burada Əhmədavar kənd orta məktəbini bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılan Canpolad raket qoşunlarında xidmət etdi və leytenant rütbəsi almışdı. Qarabağ müharibəsi başlayanda o, könüllü olaraq vətənə döndü. Pirlər, Xanabad, Əsgəran, Qarakənd uğrunda gedən döyüşlərdə vuruşurdu.
26 fevral 1992-ci il Xocalıdan gələn xəbər ona yaman təsir etmişdi. Erməni vəhşiləri Xocalı şəhərində Rusiyanın 366-cı moto-atıcı alayı ilə birlikdə dinc sakinləri vəhşicəsinə öldürüb, uşaqların, körpələrin başlarını kəsir, evləri yandırırdılar. Bu xəbəri alan Canpolad tankına oturaraq Qaraqaya kəndinə üz tutdu. Burada çox sayda erməni quldurunu sərrast atəşlərlə məhv edən cəsur döyüşçü yüzlərlə dinc sakinin mühasirədən çıxmasına şərait yaratdı. Hər tərəfdən atəşə məruz qalan Canpolad döyüş meydanında qəhrəmancasına həlak oldu.
“Qatır Məmməd” ləqəbli Yaquba oğlunun şəhid olduğunu xəbər verəndə o demişdi: “Burda şəhid olanlar hamısı mənim oğlumdur”. Yaqub axırıncı xocalılını xilas edənə qədər döyüşdən çıxmamışdı. 1992-ci ilin noyabr ayının 24-də Yaqubu iclas adı ilə Bakıya çağıraraq həbs elədilər. 1993-cü il 16 iyul tarixdə Yaqub Rzayev həbsxanada müəmmalı şəkildə dünyasını dəyişdi. Yaqub Rzayev (Qatır Məmməd) qəhrəman oğlu Canpoladla birlikdə Ağdamın şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Rzayev Canpolad Yaqub oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Evli idi, iki övladı qalıb.
Bir cavab yazın