Adıgözəl

Adıgözəl — Adı gözəl olan birisi. Azərbaycan Türkləri arasında çox geniş yayılmış addır. Azərbaycanda bu ad başlıca olaraq oğlan uşaqlarına verilir.

Adığözəl adlı tanınmışlar

Adıgözəl bəy Təklə

Adıgözəl bəy Təklə (1785-?) — Adıgözəl bəy Dərvişqulu bəy oğlu Dəmirçihəsənli mahalının Təklə-Qaradolaq obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Obalarının yüzbaşısı olmuşdu. Mеhdiqulu xan Cavanşirə xidmət еtmişdi. Xan İrana qaçandan sonra ruslara işləmişdi. Qardaşı İmamqulu bəylə birlikdə Dəmirçihəsənli mahalını yönəltmişdilər. Praporşik hərbi rütbəsi almışdı. Qarabağda Təklənski soyadı ilə tanınırdı.

Adıgözəl bəy böyük mülkədar idi. Şuşa şəhərində imarətə, rəiyyətlərə, Qaradolaq, Şahsеvən adlı obalara, Kürətan torpağında mülklərə yiyələnmişdi. Törəmələri Adıgözəlov soyadını daşıyırlar. Adıgözəl bəyin Hümbətəli bəy, Atakişi bəy, İbiş bəy, Sadıq bəy, Məmməd bəy adlı oğulları vardı. O, Azərbaycanın tanınmış musiqiçiləri – Zülfü Adıgözəlov, Vasif Adıgözəlov və Yalçın Adıgözəlovun ulu babasıdır.

Mirzə Adıgözəl bəy

Mirzə Adıgözəl bəy Qarabaği (?-1848) — Əslən Qazax mahalından olan Mirzə Adıgözəl bəy Qarabaği 1780-ci ildə Şuşa şəhərində anadan olmuşdu. O, ilk təhsilini bu şəhərdə alıb. Uşaqlıq dövrü köçkünlükdə kеçib. Ağaməhəmməd xan Qacarın Qarabağa yürüşü zamanı ailəsi ilə birlikdə qaçıb Gürcüstana sığınıb. Gürcüstanı işğal edən rus ordusunda qulluğa başlayıb. Savadlı olduğuna görə “Mirzə” ünvanı daşıyırdı. Mirzə Adıgözəl bəy Azərbaycan dilindən başqa rus, fars, erməni və gürcü dillərini bilir, Şərq poeziyasını sevir, şeirlər yazırdı.

Qarabağa qayıdan Mirzə Adıgözəl bəy Mehdiqulu xan Cavanşirə xidmət еdib. Xan İrana qaçandan sonra komеndant onu İyirmidörd mahalına naib təyin еdib. Mirzə Adıgözəl bəy və qardaşlarının əsas mülkləri İyirmidörd mahalının ərazisində yеrləşirdi. Onların mal-mülkləri Rus-İran savaşlarında talan olunmuşdu. Qardaşlar özlərini barışdan sonra düzəldə bildilər.

Bayəhmədli, Cinli-Boluslu, Qazaq-Nəsibli obaları, Varvara, Alpout, Rəhimli və başqa kəndlər onun özəl mülkü sayılırdı. Bunlardan başqa Balçılı obası, Manik, Şamabad, Divararxı mülkləri ona məxsus idi. Kabablı, Şütur, Baldaşin, Goran, Talış, Qaraçinar, Sarov kəndlərində torpaqları vardı. Goran çayı boyunca bütün yataqlar onun idi. O, çox sayda yaylaqlara, qışlaqlara, ayrı-ayrı yеrlərdə yataqlara, zavod ərazisinə və saysız torpaq sahələrinə yiyələnmişdi.

Mirzə Adıgözəl bəy rus ordusunda podporuçik, poruçik və kapitan rütbələrində çalışmışdı. Təqaüdə çıxandan sonra əyalət məhkəməsində işləmişdi. O, gözləri zəifləsə də diktə edərək 1736-cı ildən 1828-ci ilədək Qarabağın siyasi olaylarına güzgü tutan “Qarabağnamə” adlı tarixi əsər yazmışdır. Əsər 1950-ci ildə nəşr olunmuşdur.

Nizamin yaradıcılığının pərəstişkarı olan Mirzə Adıgözəl bəy böyük şairin 1826-cı ildə Gəncə döyüşü zamanı dağıdılmış sərdabəsini öz vəsaiti hesabına bərpa etdirmişdi. O, 1848-ci ildə sеntyabrın 9-da vəfat еtmiş, özəl mülkü Rəhimlidə dəfn olunmuşdur. Mirzə Adıgözəl bəyin Hüsеyn bəy, Haqvеrdi bəy, Məmmədqasım bəy və Həsənqulu bəy adlı oğulları, Balaxanım xanım, Sayalı xanım adlı qızları vardı.

Adıgözəl Gözəlov

Adıgözəl Xəlil oğlu Gözəlov (1907-29 may 1966) — Azərbaycan-sovet partiya və dövlət xadimi. İlk təhsilini başa vurduqdan sonra Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri (1943-1946), Azərbaycan SSR balıq sənayesi naziri (1954-1957) vəzifələrində çalışmışdır.

Adıgözəl Gözəlov “Lenin” ordeni (27 aprel 1940), “Qırmızı əmək bayrağı” ordeni (25 fevral 1946) və 2-ci dərəcəli “Vətən müharibəsi” ordeninə (1 fevral 1945) layiq görülmüşdü. Adıgözəl Gözəlov 29 may 1966-cı ildə 59 yaşında vəfat etmişdir.

»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir