SSRİ-nin dağılmasından sonra Azərbaycanılara “Azəri” deyilməsi halları genişlənməyə başladı. Gündəlik danışıqda, beynəlxalq mediada və hətta tanınmış siyasətçilərin çıxışlarında qarşılaşdığımız “Azəri” sözü nə deməkdir və necə yarandı? Nə üçün Azərbaycanlı sözünü qısaldıb Azəri demək onlara qarşı təhqirdir? Gəlin birlikdə araşdıraq.
Azərbaycanlı kimdir?
Azərbaycanlı sözü bir üst kimlikdir və həm Vətəndaş, həm də Millət (Nation) anlayışlarını əhatə edir. “Azərbaycanlı” termini həm hüquqi, həm də siyasi bir kimliyi bildirir. Bu, Azərbaycan dövlətinin sərhədləri daxilində yaşayan, bu dövlətin pasportunu daşıyan və özünü bu ölkəyə aid edən hər bir kəsə verilən addır. Bu termin etnik mənşəyindən asılı olmayaraq hər kəsi bir “Azərbaycan milləti” damı altında birləşdirir.
- Azərbaycan Respublikasının Konstitusiyasına görə, ölkənin bütün vətəndaşları (etnik mənşəyindən asılı olmayaraq — talış, ləzgi, avar, yəhudi və başqaları) Azərbaycanlıdır.
- Bu, “American” termini kimi siyasi bir kimlikdir; dövlətə bağlılığı bildirir.
Azərbaycanlılar dedikdə həm ölkə daxilində yaşayan vətəndaşlar, həm də dünyanın dörd bir yanına yayılmış, soy-kökü bu torpaqlara bağlı olan böyük bir insan toplumu nəzərdə tutulur. Bu toplumun böyük çoxluğu etnik olaraq Türkdür. Yəni, “Azərbaycanlı” bizim dövlət kimliyimiz, “Türk” isə etnik mənşəyimizdir.
Azəri sözü necə və nə vaxt yaradıldı?
Bu söz ilk dəfə olaraq İran tarixçisi Əhməd Kəsrəvi və onun 1926-cı ildə nəşr etdirdiyi “Azəri, ya zəban-e bastan-e Azərbaycan” (Azəri, yaxud Azərbaycanın qədim dili) əsərində meydana çıxmışdır. Kəsrəvi bu əsərlə Azərbaycan türklərinin mənşəyini “farsdilli” bir kökə bağlamağa çalışmış, bu yolda bilərəkdən bir neçə fundamental etimoloji və tarixi səhvlərə yol vermişdir:
- Kəsrəvi bölgədə yaşayan qədim Türk xalqlarını – antik və erkən orta əsr mənbələrində adları keçən Skit (İşquz), Sak, Hun, Xəzər, Sabir və Bulqarları tamamilə görməzdən gələrək Azərbaycandakı Türklərin tarixini çox gec bir dövrə (Səlcuqlar və Monqolların gəlişinə) aid edir. Ancaq arxeoloji qazıntılar və toponimlər sübut edir ki, türkdilli elementlər regionun aborigen sakinləri ilə minilliklər boyu qarışmış və səlcuqlardan çox əvvəl burada yaşamışdılar.
- Kəsrəvi “Azər” sözünü etimoloji cəhətdən fars dilindəki ādur (od) sözü ilə bağlamağa çalışsa da, bu yanaşma birtərəflidir. Əslində isə “Azər” sözü “Az” (qədim türk tayfası) və “Ər” (kişi, igid, insan) sözlərinin birləşməsindən yaranmışdır ki, bu da “Az ərləri”, ya da “Az xalqı” anlamını verir. “Kitabi-Dədə Qorqud” dastanında “Azər” və bu kökdən gələn adlar məhz oğuz türklərinin yaşayış yeri, igidləri və coğrafiyası ilə sıx bağlıdır. Kəsrəvi isə demək istəyirdi ki, guya Səlcuqlardan öncə Azərbaycanda yaşayan xalq türkcə yox, Fars dilinin “Azəri” adlanan dialektində danışırdı. O, “Azəri” terminini elə bir şəkildə işlədir ki, sanki bu dil öləndən sonra “Türk dili” kənardan gəlib onun yerini tutdu.
- Kəsrəvinin ən böyük linqvistik səhvlərindən biri ərəb dilli mənbələrdəki (məsələn, Əl-Məsudi, Əl-Məqdisi) terminləri təhrif etməsidir. O, “əl-Azəriyyə” (الآذریة) sözünü birbaşa “Azəri dili” kimi təqdim edir. Ancaq burada ciddi bir qrammatik və məntiqi ziddiyyət var: Ərəb dilində “Azəri” sözü onsuz da bir nisbədir (Azər bölgəsinə aid olan, ya da Azərlərin dili deməkdir). “Azəri” sözünün sonuna təkrar “-iyyə” şəkilçisinin artırılması (Azəri + iyyə) ərəb dilinin qrammatik qaydalarına görə artıq və məntiqsizdir. Əslində, bu sözün kökü “Azər”dir. “Azər” sözünə “-iyyə” şəkilçisi artırılaraq “əl-Azəriyyə” forması yaradılmışdır. Bu isə “Azər dili” və ya “Azərlərə aid olan” (the Azarian) deməkdir.
Beləliklə, araşdırmalar göstərir ki, “Azərlər” və “Azər dili” sözlərinin kökü tarixin çox qədim çağlarına gedib çıxır, ancaq “Azəri” sözü ilk dəfə Əhməd Kəsrəvi tərəfindən süni şəkildə yaradılmışdır. Kəsrəvinin “Azəri” nəzəriyyəsi elmi faktlardan çox, ideoloji sifarişə xidmət edirdi. O, qrammatik şəkilçiləri və tarixi adları bir-birinə qarışdıraraq, Azərbaycanın qədim Türk kimliyini süni şəkildə tarixdən silmək istəyirdi.
Azərbaycanlıları Azəri adlandırmaq təhqirdir?
Azərbaycanlıları “Azəri” adlandırmaq ya bilərəkdən edilən təhqir, ya da məlumatsızlığın nəticəsidir; çünki bir xalqın rəsmi adını jarqon və ya qeyri-rəsmi qısaltmalarla əvəz etmək qəbulolunmazdır. Bu, həm peşəkar etika, həm də beynəlxalq normalar baxımından yol verilməzdir.
Jarqon nədir? Jarqon — konkret bir peşə, sosial qrup və ya təbəqənin öz aralarında işlətdiyi, rəsmi dil normalarına tam uymayan sözlər toplusudur. Bildiyimiz kimi, Konstitusiyaya görə, xalqın rəsmi adı Azərbaycanlılardır. Bundan başqa, apardığımız araşdırmaya görə, “Azəri” sözü tarixən olmayıb, bu söz “Azər” sözünün təhrif olunmuş formasıdır.
“Azəri” sözü çox vaxt məlumatsızlıqdan işlədilən sözdür. Çoxları üçün bu, birbaşa “təhqir” məqsədi daşımır; sadəcə ingilis dilində “Azerbaijani” sözü uzun və deyilişi çətin olduğu üçün bir növ qısaltma (slang) kimi istifadə olunur. Ancaq bir sözün işlənməsinin rahat olması onun doğru olması demək deyil.
Bir millətin adını rəsmi adı ilə deyil, jarqonla və ya qısaltma ilə çağırmaq çox vaxt Aşağılama (Slur) risklərini yaradır. Bir çox qısaltma və ya jarqon adlar tarixən həmin xalqı alçaltmaq üçün yaradılıb. Məsələn, “Paki” (Pakistanlılar üçün) və ya “Jap” (Yaponlar üçün) kimi qısaltmalar bu gün beynəlxalq aləmdə ağır təhqir və ksenofobiya göstəricisi sayılır.

Bir cavab yazın