Xandəmir — Xan və dəmir sözlərinin birləşməsindən düzəlmişdir. Qırılmaz güclü başçı mənasını verir.
Xandəmir adlı tanınmışlar
Əmir Mahmud Xandəmir
Əmir Mahmud ibn-Xandəmir — XVI yüzilliyin əvvəllərində, yəni teymurilər dövrünün sonlarında Heratda dünyaya gəlmişdir. Əcdadları elm və hikmət sahibləri olduqları kimi, o da elm və təhsilə böyük maraq göstərmiş, Qiyasəddin Xandəmir kimi məşhur atanın və nəslinin tarix və başqa elm sahələrində şöhrət tapmış başqa nümayəndələrinin təlim-tərbiyəsi altında yetişmişdir.
Əmir Mahmud Xandəmir Təkəli tayfa başçılarından olan səfəvilərin Herat hakimi Məhəmməd xan Şərəfəddinoğlunun dəstəyi ilə 953-cü (1546/1547) ildə Zeyli-tarixi-“Həbibüs-siyər” (“Şah İsmayıl və Şah Təhmasibin tarixi”) əsərini yazmağa başlamış, dörd ildən sonra, yəni 957-ci (1550/1551) ildə əsəri sona çatdırmışdır.
Bu tarixi əsər h. VIII əsrin sonlarından (XV əsrin sonları) h. X əsrin (XVI əsr) ikinci yarısının əvvəllərinə qədər Azərbaycan Səfəvi dövlətində, özəlliklə bu dövlətin strateji vilayətlərindən biri olan Xorasanın şərqində baş vermiş hadisələrdən danışır. Müəllif əsərində Şah İsmayılın hakimiyyəti dövründə baş verən hadisələrdən danışan və Şah Təhmasib Səfəvinin hakimiyyətinin 957-ci (1550/1551) ilinə qədər davam edən bir dövrü əhatə edən bu əsərdə, həmçinin Səfəvi sülaləsinin, özəlliklə Şeyx Səfiəddinin tərcümeyi-halı və kəramətləri haqqında məlumat verilmişdir. Əsərin müəllifi Teymurilərin süqutundan sonra Səfəvilərin hakimiyyətə gəldiyi ilk dövrlərdən başlayaraq əsasən Xorasan və onun mərkəzi Herat darüssəltənəsəində baş verən hadisələri təsvir etməyə çalışmışdır.
Digər tərəfdən Əmir Mahmudun əsəri X (XVI) əsrin əvvəllərində, Azərbaycan Səfəvi dövlətinin yarandığı dövrdə baş verən önəmli hadisələri əks etdirir, Səfəvi dövləti ilə Mavərənnəhrin Teymuri və türkmən şahzədələri arasındakı siyasi problemlərdən danışır. Kitabda həm də Şah İsmayılın Herat darüssəltənəsini tutması və bundan sonra Səfəvilərin Xorasan ərazisindəki daxili və xarici siyasəti ilə bağlı mövzulara özəl yer ayrılmışdır. Bu təsvirlərdə Səfəvi dövləti ilə bölgənin özbək hücumları qarşısında dayanmış əyanları arasındakı qarşılıqlı münasibətlər özünün hərtərəfli əksini tapır.
Bir cavab yazın