Bəylər — Bəy sözünün cəm şəklidir. Bəy başçı mənasını verir. Bəylər adı Azərbaycanda başlıca olaraq oğlan uşaqlarına verilir.
Bəylər adlı tanınmışlar
Bəylər Tapdıq oğlu Ağayev (3 fevral 1969, Qarağac, Qubadlı-6 avqust 1992, Laçın) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Bəylər Ağayev 3 fevral 1969-cu il Qubadlı rayonunun Qarağac kəndində doğulmuşdur. O hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq Milli Ordu sıralarına yazılır.
Bəylər Ağayevin yüksək bacarığı ilk günlərdən diqqət çəkir və bölmə komandiri seçilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı Fərəcan, Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin çox sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.
1992-ci il avqustun 6-sında erməni terrorçularının növbəti hücumu zamanı Bəylər yoldaşları ilə mühasirəyə düşür. Məğrur komandir üzünü yoldaşlarına tutub son olaraq bu sözləri deyir: “Biz vətən uğrunda ölümə gedirik. Ola bilsin bu döyüş son döyüşümüz olsun” və hücuma keçirlər. Onlar erməni faşistlərinin çoxunu məhv etsələr də özləri ən uca zirvə — şəhidlik zirvəsinə ucalırlar.
Azərbaycan respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümundən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Subay idi. Qarağac kənd tam orta məktəbi onun adını daşıyır. Qubadlı rayonunun Qarağac kəndində dəfn edilmişdir.
Bir cavab yazın